Laporta: “Barselona” Levandovski ilə müqaviləsini yeniləyəcək”

“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, klub “blauqrana”nın polyak hücumçusu Robert Levandovski ilə müqaviləsini yeniləyəcək.

Arena.az məlumat verir ki, 36 yaşlı veteran hücumçunun Kataloniya klubu ilə müqaviləsində futbolçunun “blauqrana” üçün keçirdiyi oyunlarının müəyyən nisbətə çatacağı halda, müqaviləsinin dərhal yenilənməsi haqda müvafiq maddə var:

“Biz Robert Levandovski ilə müqavilənin müddətini o, oyunlarının 50%-ni oynadıqdan sonra dərhal yeniləyəcəyik. Müvafiq maddə onun müqaviləsinə artıq daxil edilib”, – Joan Laporta bildirib.

Bu arada “Cadena Ser” dərgisi məlumat yayıb ki, “Barselona” özünü Kataloniya klubunun hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi kimi qələmə vermiş fırıldaqçının hesabına 1 milyon avro məbləğində pul köçürüb.

Mənbənin məlumatına görə, “Barselona” pulu agentlə apardığı əməliyyatın hesabına köçürüb, amma əməliyyatı həyata keçirən bank əməliyyatı əngəlləyib və vəsaiti geri qaytarıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 11 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 106 oyun, 71 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: