Runi, Kan və Morqan Tuxelin təyinatına münasibət bildirdilər

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi alman mütəxəssis Tomas Tuxelin bu komandaya baş məşqçi təyin olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq ulduzu bu təyinata təəccübləndiyini gizlətməyib:

“Tuxel çox yaxşı məşqçidir, amma İngiltərə Futbol Assosiasiyasının onu işə götürməsinə təəccüblənirəm. Ona ən yaxşısını arzulayıram və ümidvaram ki, onun üçün hər şey uğurlu olacaq. İngiltərə Futbol Assosiasiyasının son 10-15 ildə qurub-yaratdığı müəssisə gənc məşqçilər üçün əla müstəvidir, ona görə də onların öz mütəxəssislərindən kimisə seçməmələrinə təəccüblənirəm”, deyə Runi bildirib.

Britaniyalı məşhur jurnalist Pirs Morqan da Tuxelin İngiltərə yığmasına baş məşqçi təyin edilməsinə münasibətini bildirib:

“Tomas Tuxellə mətbuat konfransını izləmiş və hələ də yeni məşqçi olaraq bir ingilisi seçməyimizi düşünən hər kəs öz kiçik ingilis buludunda üzür. Bu, inanılmaz dərəcədə təsiredicidir. O, mükəmməl hazırlıqlıdır. O, parlaq seçimdir”, deyə Morqan vurğulayıb.

Almaniya yığmasının və “Bayen”in keçmiş qapıçısı, Münhen klubunun sabiq sədri Oliver Kan isə Tuxelin “üç şir”ə baş məşqçi təyin edilməsi münasibətilə İngiltərə yığmasına təbrik ünvanlayıb. Alman mütəxəssisin təbrik ismarışında bunlar qeyd olunub:

“İngiltərə komandasını təbrik edirəm! Tomas Tuxelə karyerasının bu maraqlı yeni mərhələsində – Almaniya yığması ilə oyunlar istisna olmaqla, böyük uğurlar arzulayıram”, deyə alman mütəxəssis özünəməxsus üslubda bildirib.

Xatırladaq ki, Tomas Tuxellə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. O, yeni işində 2025-ci ilin əvvəlindən başlayacaq.

Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: