Brayan Rimer Danimarka yığmasına baş məşqçi təyin edildi

46 yaşlı danimarkalı futbol mütəxəssisi Brayan Rimer Danimarka milli komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Danimarka Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Rimerlə 2 illik müqavilə imzalanıb. Danimarkalı məşqçi ən azı 2026-cı ilin 15 iyuluna kimi ölkəsinin yığmasına rəhbərlik etməlidir.

Brayan Rimerin məşqçi kimi elə də ciddi uğurları yoxdur. O, “Kopenhagen”in U-19 komandasında baş məşqçi olub, həm sözügedən klubun, həm də “Brentford”un əsas komandasında assistent kimi çalışıb.

Brayan Rimer 2022-ci ildən Belçikanın “Anderlext” komandasında baş məşqçi idi. O, sözügedən klubdan bu ilin sentyabr ayında ayrılıb. “Anderlext” Rimerin rəhbərliyi altında 76 oyuna çıxıb, 39 qələbə qazanıb, 20 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Danimarka millisinə son olaraq Kasper Yulmann rəhbərlik edib. O, bu ilin iyul ayında yığmadan ayrıldığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: