Ali Çamdalı “Konyaspor”dan ayrıldı

Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Konyaspor” komandasında baş məşqçi Ali Çamdalı istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ötən mövsüm Türkiyə Super Liqasındakı yerini çətinliklə qorumağı bacaran “Konyaspor” komandası cari mövsümdə də uğursuz çıxış edir. Komanda 10 oyuna topladığı 11 xalla 11-ci sırada qərarlaşıb. Konya təmsilçisi 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Konyaspor” bu ilin aprel ayında baş məşqçisi Fahrudin Omeroviçi istefaya göndərmiş və onu Ali Çamdalı ilə əvəzləmişdi. 2023-cü ildən klubun idman direktoru vəzifəsində işləyən Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunmuşdu. Belə ki, o, mövsümün sonuna qədər Konya təmsilçisini çalışdırmalı idi. Komandanı cəmi 4 oyuna çıxaran gənc mütəxəssis 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət görmüşdü. Amma onun rəhbərliyi altında mövsümü 41 xalla 16-cı pillədə başa vuran konyalılar elitada qalmışdılar. Klub rəhbərliyi məhz bu üzdən yeni mövsümdə də Konya təmsilçisinə Çamdalının rəhbərlik etməsinə qərar vermişdi. 40 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanmışdı. O, bu komandanı bütövlükdə 14 oyuna çıxarıb, 4 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət görüb.

Ali Çamdalı futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə məhz “Konyaspor”da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı “Borussiya” (Mönhenqladbax), “Bayer”in ehtiyat komandası, “Kayserispor”, “Kocaelispor”, “Orduspor”, “Rizəspor” və “Manisa”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: