Formula 1: Karlos Sayns Meksikada hamıdan sürətli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 20-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Meksikada təşkil olunub.

Paytaxt Mexiko şəhərindəki yarışda “Ferrari” komandasının ispan pilotu kiçik Karlos Sayns qələbə qazanıb. 30 yaşlı pilot 71 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 2-ci, karyerasında isə 4-cü qələbəsidir.

“Ferrari”nin digər sürücüsü Şarl Lekler bu dəfə 3-cü yerlə kifayətlənib. İkinci yeri isə “Maklaren”in uğurları üçün çalışan Lando Norris tutub.

Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu dəfəki yarışı altıncı sırada bitirib.

20 turdan sonra 362 xala malik Maks Ferstappen hələ də vahid liderdir. Lando Norris 315 xalla 2-ci, Şarl Lekler isə 291 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 566 xalla zirvədə qərarlaşıb. “Ferrari” xallarının sayını 537-yə çatdıraraq 2-ci sıraya yüksəlib. “Red Bull” isə 512 xalla üçüncü pilləyə düşüb.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 21-ci qran-prisi Braziliyada keçiriləcək. Sözügedən yarış noyabrın 3-də San Paulo şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 362
  2. Lando Norris (Maklaren) – 315
  3. Şarl Lekler (Ferrari) – 291
  4. Oskar Piastri (Maklaren) – 251
  5. Karlos Sayns (Ferrari) – 240
  6. Luis Hamilton (Mersedes) – 189
  7. Corc Rassell (Mersedes) – 177
  8. Serxio Peres (Red Bull) – 150
  9. Fernando Alonso (Aston Martin) – 62
  10. Niko Hulkenberq (Haas) – 31
  11. Lens Stroll (Aston Martin) – 24
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 22
  13. Kevin Maqnussen (Haas) – 14
  14. Aleksander Albon (Uilyams) – 12
  15. Daniel Rikkardo (Rasinq Bulls) – 12
  16. Pyer Qasli (Alpin) – 9
  17. Oliver Berman (Ferrari) – 7
  18. Franko Kolapinto (Uilyams) – 5
  19. Esteban Okon (Alpin) – 5
  20. Liam Louson (Rasinq Bulls) – 2
  21. Jou Quanyu (Zauber) – 0
  22. Loqan Sarcent (Uilyams) – 0
  23. Valtteri Bottas (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 566
  2. Ferrari – 537
  3. Red Bull – 512
  4. Mersedes – 366
  5. Aston Martin – 86
  6. Haas – 46
  7. Rasinq Bulls – 36
  8. Uilyams – 17
  9. Alpin – 14
  10. Zauber – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: