“Mançester Yunayted”in keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”a vida məktubu ünvanlayıb.
Arena.az xatırladır ki, Erik ten Haq komandanın uğursuz nəticələrinə görə, oktyabrın 28-də “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən qovulub.
“Əziz azarkeşlər, icazə verin, təşəkkür etməklə başlayım. Hər zaman kluba dəstək olduğunuz üçün Sizlərə təşəkkür edirəm. İstər evdən uzaqda bir oyun olsun və ya “Old Trafford”da çətin oyunda, dəstəyiniz həmişə sarsılmaz olub. “Old Trafford”dakı ab-hava Sizin sayənizdə həmişə heyrətamiz olub. Mən bunu dəfələrlə hiss etmişəm.
Mən bütün dünyada “Mançester Yunayted” azarkeşləri ilə görüşməkdən həmişə zövq almışam. Küçələri gəzmək və İngiltərə, Avropa, Asiya, Avstraliya, ABŞ-da pərəstişkarlarla ünsiyyət saxlamaq inanılmaz idi – Siz məni ruhlandırır və güclü birlik hissi yayırdınız. “Mançester Yunayted” azarkeşlərini xüsusi edən də budur. Mənə, bu dəstəyi hiss etdirdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm. Klubun bütün şöbələrindən çalışan heyətə həm yaxşı, həm də pis gündə davamlı dəstək olduqları üçün təşəkkür etmək istərdim.
Biz iki kubok qazandıq – həyatımın sonuna qədər fəxr edəcəyim nailiyyətlərdir. Əlbəttə, mənim arzum dolabımda daha çox qənimətin olması idi, amma təəssüf ki, bu arzuma gerçəkləşmək qismət olmadı.
Bütün “Mançester Yunayted” azarkeşlərinə yalnız uğurlar, qənimətlər və şöhrət arzulayıram. Klubdakı hər kəsin dəstəyi və isti münasibəti, mənə özümü evimdəki kimi hiss etdirirdi. Həyatımdakı bu fəsil üçün təşəkkür edirəm”, deyə Ten Haq duyğusal məktubunu bitirib.
Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.
Bir neçə gün öncə Erik ten Haqla yollarını ayırmış “Mançester Yunayted” ötən gün portuqal mütəxəssis Ruben Amorimlə müqavilə imzalayıb. Lissabon “Sportinq”inin baş məşqçisi portuqal klubunda işlərini tezliklə təhvil verib, noyabrın 11-də “qırmızı şeytanlar”ın sükanı arxasında fəaliyyətinə başlayacaq.


