Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, yığmamız qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Polşa yığması ilə üz-üzə gəlib.
C qrupunda baş tutan qarşılaşmanı Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə ediblər.
İlk 2 oyunda uduzan yığmamız uğursuz seriyaya bu dəfə də son qoya bilməyib. Bütün periodları üstün bitirən meydan sahibləri 54 xallıq fərqlə qalib gəliblər.
Xatırladaq ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzmuşdu. Komandamız ikinci matçda Belçikaya da biabırçı hesabla yenilmişdi – 28:136.
Qeyd edək ki, C qrupunun digər matçında Belçika Litva ilə üz-üzə gəlib. Bu oyunda belçikalılar 81:70 hesabıyla üstün olublar.
AÇ-2025, seçmə mərhələ
C qrupu, 3-cü tur
7 noyabr
Polşa – Azərbaycan 105:51 (32:16, 32:15, 20:10, 21:10)
Hakimlər: Coş Bov (Cəbəllütariq), Kristin Simanovika (Latviya), Mariya Çiriç (Serbiya)
Sosnovyek, “Arkelor Mittal Park”.
Xallar: Belçika – 5. Polşa – 5. Litva – 5. Azərbaycan – 3.


