Təl-Əviv “Makkabi”sinin azarkeşləri Niderlandın paytaxtı Amsterdamın bir neçə bölgəsində silahlı şəxslər tərəfindən hücuma məruz qalıblar.
Arena.az bu barədə “Sport5.co.il” dərgisinə istinadən məlumat verir.
Hadisə İsrail təmsilçisinin Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Niderland nəhəngi “Ayaks” ilə səfər oyunundan (0:5) sonra yaşanıb.
Hücum nəticəsində “Makkabi”nin bir neçə azarkeşi xəsarət alıb. Azı bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Digər təfərrüat, hadisələrin geniş miqyas almasını önləmək məqsədilə, açıqlanmır.
Yerli hüquq-mühafizə orqanlarının vəziyyəti nəzərətə aldığı vurğulanır.
Niderland polisi tərəfindən israilli azarkeşlərə hücumda şübhəli bilinən 62 nəfərin saxlanıldığı açıqlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, beş nəfər xəstəxanaya yerləşdirilib.
UEFA da öz növbəsində Amsterdamdakı matçdan sonra baş verənlərlə bağlı araşdırmalara başlayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurum həmçinin yaydığı bəyanatda baş verən insidentləri, zorakılıq aktlarını qətiyyətlə pisləyib. UEFA müvafiq orqanların bu cür hərəkətlərə görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcəyini və onlara qarşı ittiham irəli sürəcəyinə ümidvar olduğunu bildirib. Bəyanatda mövcud sübutların araşdırılacağı və qiymətləndiriləcəyi açıqlanıb.


