“Neftçi” PFK Nigeriyadan olan hücumçusu Aaron Olanare ilə müqaviləyə qarşılıqlı razılaşma əsazında xitam verib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Nigeriyalı futbolçuya “Neftçi”yə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, “Neftçi”yə 2023-cü ilin yayında transfer olunmuş Olanare “ağ-qaralar”ın heyətində 15 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Nigeriya milli komandasının da üzvü olan Aaron Olanare ilə müqavilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulmuşdu. 29 yaşlı mərkəz hücumçusu peşəkar karyerasına Nigeriyanın “Şutinq Stars” (2010-2011) komandasında başlayıb. 2011/2012 mövsümünü ölkəsinin digər klubu “Dolfins”də keçirmiş hücumçu bu komandadan ayrılandan sonra Norveçə üz tutub. O, əvvəlcə “Valerenqa” (2012/2013), ardından “Sarpsborq”un (2013-2014) uğurları üçün çalışıb. Olanare Çinin “Quançjou Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar” (Yerusəlim, 2018-2019) klublarında da legioner həyatı yaşayıb. Olanare 2021-ci ildən “Neftçi”yə gələnə qədər Türkiyənin “Ərzurumspor” klubunda çıxış edib.
Olanare Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. O, 2015/2016 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.


