Futbol üzrə Nigeriya milli komandasının mərkəz hücumçusu Aaron Olanare bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu 1 illik müqaviləyə imza atıb. O, yeni komandasının heyətində 25 nömrəli formanı geyinəcək. “Neftçi” artıq yeni transferini Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacağı Türkiyə nəhəngi “Beşiktaş”la oyunlar üçün sifariş ərizəsinə də daxil edib. Məşqçilər korpusu ehtiyac duyacaqları halda o, sabah “ağ-qaralar”ın heyətində debüt də edə bilər.
Aaron Olanare peşəkar karyerasına Nigeriyanın “Şutinq Stars” (2010-2011) komandasında başlayıb. 2011/2012 mövsümünü ölkəsinin digər klubu “Dolfins”də keçirmiş hücumçu bu komandadan ayrılandan sonra Norveçə üz tutub. O, əvvəlcə “Valerenqa” (2012/2013), ardından “Sarpsborq”un (2013-2014) uğurları üçün çalışıb. Olanare Çinin “Quançjou Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar” (Yerusəlim, 2018-2019) klublarında da legioner həyatı yaşayıb. O, 2021-ci ildən Türkiyənin “Ərzurumspor” klubunda çıxış edirdi. Hücumçu bu yay azad agent kimi ayrıldığı Ərzurum təmsilçisində 56 oyuna çıxıb, 13 qol və 5 assistlə yadda qalıb.
Olanara Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. O, 2015/2016 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.
Xatırladaq ki, “Neftçi” bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi və Andre Şinyaşikini də heyətinə qatmışdı. Turan Vəlizadə isə “Turan Tovuz”dan icarədən qayıdıb. İvan Brkiç və Emin Mahmudov da paytaxt klubu ilə yeni müqaviləyə imza atıb.
Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk ediblər. Xəyal Nəcəfov da yenidən “Turan Tovuz”a icarəyə verilib.


