Aaron Remzi doğma klubu “Kardiff Siti”yə qayıtdı

Futbol üzrə Uels milli komandasının və Fransanın “Nitsa” klubunun yarımmüdafiəçisi Aaron Remzi yenidən “Kardiff Siti”yə qayıdıb.

Arena.az xəbər verir ki, Uels təmsilçisi 32 yaşlı futbolçunu heyətinə transfer etdiyini açıqlayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Aaron Remzi karyerasına məhz “Kardiff Siti”də başlayıb və klubun tarixində ən gənc debütantdır: 2006/2007 mövsümünün “Hall Siti” ilə Çempionşip oyununda Remzi 16 yaş 123 gündə meydana çıxıb. Remzi 2008-ci ilin yayında Uelsin paytaxt təmsilçisinin tərk edərək, London “Arsenal”ına keçib və karyerasının böyük qismini məhz “topçular”ın heyətində keçirib. Daha sonra “Nottingem Forest” və “Kardiff Siti”də icarə əsasında çıxış edərək “Yuventus”a transfer edilib, “Qlazqo Reyncers”də icarədə olub. O, son mövsümü “Nitsa”da keçirib. Təcrübəli yarımmüdafiəçi Liqa 1 təmsilçisində 34 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Remzi Uels yığmasının heyətində 2016-cı il Avropa çempionatında və 2018-ci ildə dünya çempionatında çıxış edib, “əjdahalar”ın heyətində 82 oyuna 20 qol vurub.

“Kardiff Siti”yə gəlincə, Uelsin paytaxt təmsilçisi geridə qalmış mövsümü Çempionşipdə 21-ci sırada başa vurub və aşağı diviziona yuvarlanmaqdan güclə qurtulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: