Türkiyə Super Liqasının debütantı “Pendikspor” heyətini iki yeni futbolçu – Abdulay Diabi və Xadim Rassul ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Sonuncu iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “İttihad Kalba” klubu olan Abdulay Diabi yeni komandasına azad agent kimi keçib. Mali yığmasının 32 yaşlı sağ cinah vingeri ilə müqavilənin müddəti açıqlanmır.
Diabi bu ilin yanvarından formasını geyindiyi “İttihad Kalba”da cəmi 13 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə Türkiyədə “Beşiktaş”ın da formasını geyinib, “qara qartallar”la 37 oyuna 6 qol vurub, 3 assist müəllifi olub. Təcrübəli futbolçu “Brügge”, “Sedan”, “Lill”, “Muskron”, “Sportinq” (Lissabon), “Xetafe”, “Anderlext”, “Əl-Cəzirə” kimi klublarda da forma geyinib.
Xadim Rassul isə “Eyüpspor”dan icarəyə götürülüb. Seneqaldan olan 27 yaşlı dayaq yarımmüdafiəçisi qarşıdakı mövsümün sonuna kimi Super Liqa klubunun uğurları üçün çalışacaq. Daha öncə “Adana Dəmirspor”da da oynamış futbolçu “Eyüpspor”a 2022-ci ilin yayında qoşulsa da, dərhal “Alanyaspor”a icarəyə verilmişdi. O, ötən mövsüm Alanya təmsilçisində 14 oyuna çıxıb. Yarımmüdafiəçi Türkiyəyə gələnə qədər “Lokeren”də oynayıb.
“Pendikspor” üç futbolçusu ilə də yollarını ayırıb. Qapıçı Emre Aydın azad agent kimi “Kastamonu”ya keçib. 32 yaşlı qolkiper 2017-ci ildən formasını geyindiyi “Pendikspor”da 64 oyuna çıxıb, 90 qol buraxıb, 15 “quru” matç keçirib.
Mərkəz müdafiəçisi Tarık Tekdal “1461 Trabzon”a keçib. 2021-ci ildən “Pendikspor”da çıxış edən 32 yaşlı futbolçu bu komandada 35 oyun keçirib.
Yarımmüdafiəçi Bekir Karadeniz isə qarşıdakı mövsümün sonuna kimi “Manisa”ya icarəyə verilib. 2019-cu ildən “Pendikspor”da çıxış edən 24 yaşlı mərkəz yarımmüdafiəçisi bu komandada 41 oyuna 3 qol vurub, 1 assistə imza atıb.


