Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Naxçıvan” səfərdə “Lənkəran”la qarşılaşıb. B qrupunun oyunu Naxçıvan təmsilçisinin 91:82 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun bu gün keçirilmiş digər oyununda “Ordu” “Sərhədçi”ni 85:73 hesabı ilə üstələyib.
Tura oktyabrın 19-da yekun vurulacaq.
A qrupu: Abşeron Lions – 4. Sabah – 4. Neftçi – 3. Gəncə – 3. NTD – 2. Şəki – 2.
B qrupu: Ordu – 6. Naxçıvan – 5. Lənkəran – 4. Sərhədçi – 4. Quba – 3. Sumqayıt – 2.
ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


