Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Bakı İdman Sarayında NTD “Abşeron Lions”u qəbul edib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 81:99 (16:29, 24:29, 16:23, 25:18).
Qalib komandanın heyətində ən məhsuldar oyunçu Gediminas Orelik olub. O, bu matçda 19 xal toplayıb.
Qeyd edək ki, bu turun “Neftçi” – “Gəncə” qarşılaşması Bakı təmsilçisinin avrokubok oyununda iştirakı səbəbindən təxirə salınıb.
Turun digər matşlarında nəticələr belə olub: “Lənkəran” – “Naxçıvan” 82:91, “Ordu” – “Sərhədçi” 85:73, “Sabah” – “Şəki” 85:66, “Sumqayıt” – “Quba” 88:98.
A qrupu: Sabah – 6. Abşeron Lions – 6. Neftçi – 3. Gəncə – 3. Şəki – 3. NTD – 3.
B qrupu: Ordu – 6. Naxçıvan – 5. Quba – 5. Lənkəran – 4. Sərhədçi – 4. Sumqayıt – 3.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


