Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
Öncə çempion “Sabah” “Şəki” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilmiş A qrupunun görüşündə Bakı təmsilçisi rəqibini 85:66 hesabı ilə məğlub edib. Daha sonra “Sumqayıt” eyni məkanda “Quba” ilə görüşüb. B qrupunun görüşü qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, turun ötən gün keçirilmiş matçlarında “Naxçıvan” “Lənkəran”ı (91:82), “Ordu” isə “Sərhədçi”ni (85:73) üstələmişdi.
Tura oktyabrın 19-da yekun vurulacaq.
A qrupu: Sabah – 6. Abşeron Lions – 4. Neftçi – 3. Gəncə – 3. Şəki – 3. NTD – 2.
B qrupu: Ordu – 6. Naxçıvan – 5. Quba – 5. Lənkəran – 4. Sərhədçi – 4. Sumqayıt – 3.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


