Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunun 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv turnirin birinci təsnifat mərhələsi çərçivəsində Kipr təmsilçisi “Anortosis”lə qarşılaşıb.
Bu komandalar arasındakı ilk oyun bu gün Bakıda baş tutub. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 89:71 hesablı qələbəsi ilə başa çatıb.
Maçtdan sonra “Abşeron Lions” komandasının baş məşqçisi Erhan Toker fikirlərini bölüşüb. Türkiyəli mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
“Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi şeyləri düzəltmək istəyirik. Bunun üzərində işləyəcəyik. Bəlkə də onlar bizi yaxşı təhlil edə bilməmişdilər. Hücumda və müdafiədə yaxşı oynadıq. İndiki hədəf Kiprdən də qələbə ilə ayrılmaqdır. Daha sonra gələcək haqqında planlar quracağıq. Gənc oyunçularımızda inkişaf var”.
Bu komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.


