“Abşeron Lions” “Trefl”ə də uduzdu

Azərbaycan təmsilçisi “Abşeron Lions” komandası basketbol üzrə FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Polşa təmsilçisi “Trefl” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilmiş matç Azərbaycan klubu üçün uğursuz alınıb. Oyun rəqibin 99:96 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra “Abşeron Lions”un baş məşqçisi Erhan Toker bu görüşlə bağlı fikirlərini bölüşüb:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan oyunumuzu düzəltdik. Müdafiədə bəsit səhvlərə yol verirdik. Çox güclü komandaya qarşı oynayırdıq. Zəif rəqib olmadığımızı onlara göstərməyə çalışdıq. Məncə, bu, müəyyən qədər bizdə alındı. Matç ərzində 2-3 dəfə şans üçlüyü atdılar. Digər tərəfdən, bəsit səhvlər qələbəmizə mane oldu. Rəqibin heyətində milli komanda oyunçuları var”.

Xatırladaq ki, ötən gün keçirilmiş qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Neftçi” Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələmişdi.

“Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə də məğlub olmuşdu – 85:93.

Xəbəri sosial şəbəkələrdə paylaş: