2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 7-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, G və H qrupları) üzrə 7 qarşılaşma baş tutub.
C qrupunda Ukrayna yığması Şimali Makedoniyanı, İtaliya millisi isə Maltanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar.
G qrupunda Bolqarıstan – Litva və Macarıstan – Serbiya görüşləri baş tutub. Xüsusilə də eyni xala malik macarlarla serblərin zirvə savaşı böyük maraqla gözlənilirdi. Üç qolun qeydə alındığı bu oyun Macarıstanın çətin qələbəsiylə yekunlaşıb. Litva yığması isə səfərdə bolqarlara qalib gəlməklə cari seçmə mərhələdəki ilk qələbəsini rəsmiləşdirib.
H qrupunda Şimali İrlandiya evdə San Marinonu, Sloveniya Finlandiyanı, Danimarka da Qazaxıstanı sınağa çəkib. Hər üç matçda meydan sahibləri 3 xalı 3 qolla əldə ediblər.
Xatırladaq ki, artıq Portuqaliya, Fransa və Belçika yığmaları artıq gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
14 oktyabr
C qrupu
Ukrayna – Şimali Makedoniya 2:0
Qollar: Sudakov, 30. Karavayev, 90+5.
İtaliya – Malta 4:0
Qollar: Bonaventura, 23. Berardi, 45+1; 64. Frattezi, 90+3.
Xal: İngiltərə – 13. İtaliya – 10. Ukrayna – 10. Şimali Makedoniya – 7. Malta – 0.
G qrupu
Bolqarıstan – Litva 0:2
Qollar: Sirvis, 45; 55.
Macarıstan – Serbiya 2:1
Qollar: Varqa, 20. Sallai, 34 – Pavloviç, 33.
Xal: Macarıstan – 13. Serbiya – 10. Monteneqro – 8. Litva – 5. Bolqarıstan – 2.
H qrupu
Şimali İrlandiya – San Marino 3:0
Qollar: Smit, 5. Macennis, 11. Makmenamin, 81.
Sloveniya – Finlandiya 3:0
Qollar: Şeşko, 16-pen; 28. Yanza, 90+2.
Danimarka – Qazaxıstan 3:1
Qollar: Vind, 36. Skov, 45+2; 48 – Voroqovski, 58.
Xal: Sloveniya – 16. Danimarka – 16. Finlandiya – 12. Qazaxıstan – 12. Şimali İrlandiya – 6. San Marino – 0.


