AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Belçika – İsveç oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.
Arena.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb.
Bu barədə Belçika polisi bildirib. Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub. Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.
Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir. Hadisə ilə əlaqədar oyun yarıda qalıb. İddiaya görə, baş verənlərdən fasilədə xəbər tutan isveçli futbolçular ikinci hissədə meydana çıxmaqdan imtina ediblər.
Qarşılaşmanın ilk hissəsi 1:1 hesabıyla bitib. 15-ci dəqiqədə İsveç yığması hesabı açsa da, 31-ci dəqiqədə belçikalılar penaltidən vurulan qolla hesaba tarazlıq gətiriblər.
Yarıda qalmış oyunla bağlı UEFA-nın hansı qərarı çıxaracağı hələ məlum deyil.
Xatırladaq ki, Belçika və İsveç AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alıblar. Hazırda F qrupunda 16 xala malik Belçika və Avstriya yığmaları artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. İsveç 6 xalla 3-cü, Azərbaycan 4 xalla 4-cü, Estoniya isə 1 xalla sonuncudur.



