Kosovonun paytaxtı Priştinada 16 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, B qrupunda qərarlaşmış Azərbaycanın U-16 millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.
Komandamız bu oyundan 87:67 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, bu, yığmamızın ardıcıl ikinci qələbəsidir. Azərbaycan basketbolçuları bundan əvvəl Ermənistana da 92:58 hesabı ilə qalib gəlmişdi. Basketbol millimiz qrupdakı ilk oyununda isə Kipr yığmasına 51:65 hesabıyla məğlub olmuşdu.
U-16 millimizin qrupdakı növbəti rəqibi San Marino seçməsi olacaq. Oyun 24 iyulda baş tutacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun FIBA-nın rəsmi “Youtube” hesabında canlı olaraq yayımlanacaq.


