AÇ: U-18 millimiz C Divizionunun qalibi oldu!

18 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisi (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunda final matçına çıxıb.

Arena.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Lüksemburq seçməsi ilə qarşılaşıb.

Albaniyanın Elbasan şəhərində baş tutan oyun millimiz üçün uğurlu alınıb. Basketbolçularımız bu rəqib üzərində 77:71 hesablı qələbə qazanıblar.

Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub.

Xatırladaq ki, basketbol üzrə U-18 millimiz bu Avropa çempionatının qrup mərhələsində Moldova (87:76) və Ermənistan (76:69) yığmalarına qalib gələrək yarımfinala yüksəlmişdi. Yarımfinalda isə millimiz meydan sahibi Albaniya yığmasına 62:41 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz 2016-cı ildə də Avropa çempionatının C Divizionunun qalibi olmuşdu.