Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı “Turan Tovuz”un baş sponsoru “Huner Group” şirkətinin qonağı olub.
Arena.az xəbər verir ki, Acun Ilıcalıya şirkət haqda ətraflı məlumat verilib.
Daha sonra işgüzar görüş keçirilib. Görüşdə “Turan Tovuz” Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər. Görüşdə Tovuz klubu ilə Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” klubu arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib. İlkin razılığa əsasən, Tovuz klubun əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə bu klubun düşərgəsində təcrübə keçəcəklər.
Sonda Acun Ilıcalıya Tovuz klubunun rəhbəri Ehtiram Quliyev tərəfindən “Turan Tovuz”un 10 nömrəli forması hədiyyə olunub.







