Adolfo Qaiç “Antalyaspor”da

Rusiyanın ÇSKA (Moskva) klubunun argentinalı hücumçusu Adolfo Qaiç bundan sonra “Antalyaspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Antalya təmsilçisi 25 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Adolfo Qaiç Argentinanın “San Lorenso” klubunun yetirməsidir. ÇSKA onu 2020-ci ilin avqust ayında 8,5 milyon avro müqabilində transfer edib. Hücumçu paytaxt klubunun heyətində 39 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rusiya klubu Adolfo Qaiçi daha öncə “Benevento”, “Hueska” və “Verona”ya da icarəyə verib. Argentinalı futbolçu ötən mövsümü də Türkiyənin “Rizəspor” klubunda icarədə keçirib. O, Super Liqa təmsilçisinin heyətində 35 oyuna 11 qol vurub, 1 assist müəllifi olub.

Qaiç 2019-cu ildə Argentina yığmasında debüt matçına çıxsa da, ondan sonra millidə oynamaq şansı qazanmayıb. O, ölkənin U-20, U-23 və Olimpiya yığmalarında da forma geyinib.

“Antalyaspor” braziliyalı qapıçısı Helton Leyte ilə də yollarını ayırıb. 33 yaşlı qolkiper azad agent kimi İspaniyanın “Deportivo” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Helton Leyte 2023-cü ilin yanvar ayından “Antalyaspor”un uğurları üçün çalışırdı. Təcrübəli qapıçı Super Liqa klubunun heyətində 52 oyuna çıxıb. O, bu oyunlarda 73 qol buraxıb, 11 matçda isə qapısını toxunulmaz saxlayıb.

Leyte karyerası ərzində “Boavişta”, “Benfika”, “Botafoqo”, “İpatinqa”, “Krisiuma”, “San Kaetano” kimi klubların da formasını geyinib.