AFFA Fernando Santosa təzminat ödəyib

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən sentyabr ayında istefaya göndərilmiş Fernando Santosa təzminat ödəyib.

Arena.az xəbər verir ki, bu barədə jurnalistlərə qurumun baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O, təzminatın məbləğini açıqlamasa da, AFFA tərəfindən müqavilədə yer almış bütün şərtlərə əməl edildiyini söyləyib.

Xatırladaq ki, Fernando Santos sentyabrın əvvəlində istefaya göndərilib. O, 2024-cü ilin iyun ayında Azərbaycan millisinə baş məşqçi təyin edilmişdi. 70 yaşlı mütəxəssis həmin vaxt 3+1 illik müqaviləyə imza atmışdı. Millimiz portuqal məşqçinin rəhbərliyi altında 11 oyuna çıxıb, cəmi 2 heç-heçə ilə kifayətlənib, 9 məğlubiyyətə üzülüb. Top fərqi də biabırçıdır – 4:29.

Santos daha öncə Yunanıstan, Polşa və Portuqaliya yığmalarının da baş məşqçisi olub. O, xüsusilə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib. Santos bu komanda ilə 2017 Konfederasiyalar Kubokunda da bürünc medal qazanıb.

Portuqal mütəxəssis vaxtilə “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK, “Beşiktaş” kimi klublarda da işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: