AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar

Bu gün SOCAR-ın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, federasiya prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə UEFA-nın “HatTrick investment” proqramı barədə baş katib Cahangir Fərəcullayev məlumat verib. Qeyd edilib ki, “HatTrick investment” layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:

– AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.
– Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.

AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:

– Birinci Regional İnkişaf Mərkəzinin inşası.
– Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.

Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. Cahangir Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.

Daha sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib. O, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatmış mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: