Aprelin 14-dən 16-na qədər Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri keçirilib. Arena.az xəbər verir ki, ölkəmizdə 3-cü dəfə təşkil olunan turnirində 14 ölkədən 119 idmançı mübarizə aparıb.
Budəfəki “AGF Trophy” turnirində gənclərlə yanaşı, ilk dəfə olaraq böyükyaşlı idmançılar da mübarizə aparıblar. Hər iki yaş qrupunda təmsilçilərimiz həm fərdi, həm də qrup hərəkətləri proqramında uğurlu çıxış ediblər. Gimnastlarımız bədii gimnastika üzrə ölkəmizdə keçirilən ilin ilk beynəlxalq yarışını bütövlükdə 14 medalla (7 qızıl, 7 gümüş) başa vurublar.
Bugünlərdə Fransada keçirilən 34-cü beynəlxalq qran-pri yarışının qalibi olan təcrübəli gimnastımız Zöhrə Ağamirova Bakıdakı yarışda da özündən söz etdirib. O, fərdi proqramda yüksək ustalıq nümayiş etdirərək komandamızın aktivinə çoxnövçülük proqramı, eləcə də ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırıb. İdmançımız komanda hesabında təmsilçimiz Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşayıb.
Daha bir qızıl medalı yığmamızın aktivinə gənclər arasında qrup hərəkətləri proqramında 5 topla hərəkətlərin icrasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova yazdırıb.
Böyüklər arasında yığmamızın üzvü Alina Gözəlova fərdi proqramda da ona bəslənilən ümidləri doğruldub. İdmançımız fərdi çoxnövçülük, halqa, top və lentlə hərəkətlərin icrasında gümüş medala sahib çıxıb.
Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında ikinci olublar.
Gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daha iki gümüş medalı çoxnövçülük və 5 iplə hərəkətlərin icrasında qazanıblar.
Fərdi proqramda gürzlərlə hərəkətlərin icrasında finalda ölkəmizi təmsil edən Leyli Ağazadə yarışı 6-cı pillədə başa vurub.
Gənclərdən ibarət ikinci qrup komandamız çoxnövçülük proqramında 8-ci, 5 topla hərəkətlərin icrasında 7-ci olub.
Yarışda həmçinin böyüklərdən ibarət qrup hərəkətləri yığmamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da 5 halqa və 3 lent, 2 topla proqrmalarını nümayiş etdiriblər.


