“Başakşəhər”in hücumçusu Ahmed Kutucu və “Sivasspor”un yarımmüdafiəçisi Robin Yalçın “Eyüpspor” klubuna transfer olunublar.
Arena.az bu barədə sözügedən klubların yaydığı rəsmi məlumata istinadən xəbər verir.
TFF 1-ci Liqa klubu yeni transferləri ilə müqavilənin müddətini açıqlamayıb.
Ahmet Kutucu 2021-ci ilin iyulundan “Başakşəhər”də forma geyinirdi. Amma 23 yaşlı forvard bu komandada cəmi 4 oyuna çıxıb və 1 qolla yadda qalıb. Ötən mövsümü icarə əsasında “Sandhauzen”də keçirmiş futbolçu, əvvəllər “Şalke” və “Herakles”də də forma geyinir. O, Türkiyə yığmasında da 2 oyuna çıxıb.
Robin Yalçın isə 2020-ci ilina avqust ayından “Sivasspor”da çıxış edirdi. 29 yaşlı dayaq yarımmüdafiəçisi Super Liqa klubunda 74 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Rizəspor”, “Yeni Malatyaspor”, “Ştutqart” klublarının da formasını geyinib. Türk əsilli futbolçu Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Eyüpspor” bu yay “Başakşəhər”dən ayrılan digər futbolçu Caner Erkini, həmçinin “Pendikspor”dan Adrien Reqattini də heyətinə qatmışdı.
“Sivasspor”dan malili hücumçusu Mustafa Yatabare ilə də yollarını ayırıb. 37 yaşlı forvard TFF 1-ci Liqanın digər təmsilçisi “Gənclərbirliyi” ilə 1+1 illik müqavilə bağlayıb. O, 2019-cu ildən formasını geyindiyi Sivas klubunda 156 oyuna 50 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Yatabare karyerası ərzində “Genqam”, “Klermon”, “Bulon”, “Karabükspor”, “Konyaspor”, “Monpelye”, “Trabzonspor” və “Villemomble” kimi klubların da formasını geyinib. O, Mali yığmasında 35 oyun keçirib, 7 qol vurub.
“Sivasspor”da mərkəz müdafiəçisi Caner Osmanpaşa ilə də yeni müqavilə imzalanıb. Əvvəlki müqaviləsinin müddəti bu yay bitmiş 35 yaşlı futbolçunun yeni sözləşməyə əsasən daha bir il komandada qalacağı açıqlanıb.
Caner Osmanpaşa 2019-cu ilin yayından “Sivasspor”un uğurları üçün çalışır. Təcrübəli futbolçu bu komandada 149 oyuna çıxıb, 7 qol və 1 assistlə yadda qalıb. O, “Akhisarspor”, “1461 Trabzon”, “Kayseri Ərciyəsspor”, “Dənizlispro”, “Trabzonspor” və “Orduspor” kimi klublarda da forma geyinib.


