Aksel Disasi 45 milyon avroya “Çelsi”də! – Rəsmi

“Monako”nun konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi “Çelsi”yə keçib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.

“Aksel bir neçə mövsüm Fransada öz dərəcəsini göstərdi və bu, beynəlxalq arenada onun səviyyəsinin tanınmasına səbəb oldu. O, karyerasında növbəti addımı atmağa hazırdır və biz bunun “Çelsi”də baş verəcəyinə şadıq. Biz onu klubda salamlayırıq və yaxın günlərdə onun Maurisio Poçettinoya və yeni komanda yoldaşlarına qoşulmağını səbirsizliklə gözləyirik”, deyə “zadəganlar”ın idman direktorları Lourens Stüart və Pol Uinstenli bildiriblər.

“Zadəganlar” Disasi ilə 6 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə imzalayıblar. İngiltərə nəhəngi bu transfer üçün knyazlıq təmsilçisinə 45 milyon avro ödəyib.

Aksel Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. “Monako” onu 2020-ci ilin avqustunda 13 milyon avroya transfer etmişdi. Müdafiəçi 2022/2023 mövsümündə 49 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. 25 yaşlı futbolçu “Monako”nun heyətində bütövlükdə 129 oyuna 12 qol vurub, 4 assistlə yadda qalıb.

Disasi 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 4 oyun keçirib.

“Monako”nun sağ cinah vingeri Entoni Musaba da İngiltərənin digər klubu “Şeffild Uensdey”ə keçib. Liqa 1 təmsilçisinin bu transferdən nə qədər qazandığı və 22 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti açıqlanmır.

“Monako” Musabanı 2020-ci ildə Niderlandın “Neymegen” klubundan 2,5 milyon avroya transfer etmişdi. Amma holland vinger bu komandada cəmi 1 matça çıxıb. O, “Brügge”, “Herenven”, “Mets” və “Neymegen” kimi komandalarda icarədə olub.

Xəbəri paylaş:
Bizi izləyin: