“Alanyaspor” seneqallı hücumçunu yunan forvardla əvəzlədi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Avstriyanın LASK klubunun hücumçusu Eftimis Kulurisi heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunanıstandan olan 26 yaşlı forvard bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Eftimis Kuluris Yunanıstanın PAOK klubunun yetirməsidir. O, bu klubda çıxış edərkən “Anortosis” və “Atromitos”da icarədə də oynayıb. 2019-2021-ci illər aralığında Fransada “Tuluza”nın uğurları üçün çalışdıqdan sonra yenidən ölkəsinə qayıdan hücumçu “Atromitos”la müqavilə bağlayıb. Kuluris 2022-ci ilin iyul ayında məhz Afina klubundan LASK-a 1 milyon avro qarşılığında transfer olunub. O, Avstriya təmsilçisində 16 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kuluris Yunanıstan milli komandasında da 18 oyun keçirib, amma qol vura bilməyib.

“Alanyaspor” öz hücumçusu Famara Dyedyunu isə İspaniyanın “Qranada” klubuna icarəyə verib. Seneqaldan olan 30 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə oynayacaq. 2021-ci ilin iyul ayından Alanya təmsilçisinin uğurları üçün çalışan Dyedyu bu komandada 32 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Bristol Siti”, “Klermon”, “Anje”, “Epinal”, “Ayaçço” və “Soşo” kimi klubların da formasını geyinib. Famara Seneqal milli komandasında da 27 oyuna 11 qol vurub.

Super Liqa təmsilçisi “Isparta 32 Spor”un qapıçısı Yavuz Aygünü də heyətinə qatıb. 26 yaşlı qolkiperlə 1.5 illik müqavilə imzalanıb. “Trabzonspor”un yetirməsi olan futbolçu karyerası ərzində “Göztəpə”, “Yeni Orduspor”, “Boluspor” və “Fatih Karagümrük” klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: