Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.
Arena.az xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında məlumat paylaşıb.
43 yaşlı braziliyalı, ölkəsinin “San Paulo” klubu ilə müqavilə imzaladığını bildirib. Aleks sözügedən klubun U-20 komandasının baş məşqçisi təyin olunub.
“1995-ci ilin 4 fevralında ilk peşəkar matçıma çıxmışdım. 2 aprel 2021-ci ildə isə “San Paulo” ilə ilk məşqçilik müqaviləmə imza atdım. Tarixlər bənzər, hisslərim isə eynidir. Ruhum hələ də futbol topuna aşiqdir”.
Qeyd edək ki, Aleks de Souza peşəkar futbolçu karyerasına 2014-cü ilin sonunda yekun vurub. Onun həm ilk, həm də sonuncu komandası “Koritiba” olub. 1995-1997-ci illər aralığında bu komandada 24 oyun, 4 qol vuran futbolçu daha sonra “Palmeyras”a üz tutub (1997-2000). 2000-ci ildə isə Aleksi İtaliyanın “Parma” klubu transfer edib. Amma braziliyalı futbolçu bu komandada çox forma şansı qazanmayıb. İtaliya klubunda cəmi 8 oyuna çıxan yarımmüdafiəçini elə həmin il “Flamenqo” icarəyə götürüb. Sonrakı illərdə o, bir dəfə “Kruzeyro”, iki dəfə isə “Palmeyras”a icarəyə göndərilib. 2002-ci ildə “Kruzeyro” Aleksi birdəfəlik transfer edib.
2004-cü ildə isə Aleks, Türkiyənin “Fənərbaxça” klubuna üz tutub. Braziliyalı futbolçu məhz İstanbul təmsilçisində karyerasının ən parlaq dönəmini yaşayıb. 2004-12-ci illər aralığında “Fənərbaxça”da oynamış yarımmüdafiəçi Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxıb, 171 qola imza atıb, 147 məhsuldar ötürmə edib. 2013-cü ildə yenidən ilk klubu “Koritiba”ya qayıdan futbolçu, növbəti il karyerasını birdəfəlik sonlandırıb. O, Braziliya yığmasında keçirdiyi 48 oyunda 12 qol vurub. Lakin Aleks de Souza məşqçiliyə vaxtilə oynadığı klublarda yox, məhz “San Paulo”da başlayıb.


