Serbiya yığma komandasının və “Fulhem”in hücumçusu Aleksandr Mitroviç Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Fulhem” təcrübəli forvardın satışından 52,60 milyon avro gəlir əldə edib.
Xatırladaq ki, Aleksandr Mitroviç 2018-ci ilin yayından “Fulhem”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 206 matça çıxıb, 111 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.
Serbiyalı futbolçu daha öncə “Teleoptik”, “Partizan”, “Anderlext”, “Nyukasl” kimi klubların da formasını geyinib. O, Serbiya milli komandasında keçirdiyi 81 oyunda 52 qolla yadda qalıb.
“Fulhem”in sağ cinah müdafiəçisi Stiven Sessenyon da “Uiqan”a keçib. O, yeni klubuna azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. 23 yaşlı ingilis futbolçu yetirməsi olduğu “Fulhem”də cəmi 19 matça çıxıb. O, daha çox “Bristol Siti”, “Plimut” və “Çarlton Atletik” klublarında icarədə çıxış edib.
“Fulhem”in gənc hücumçusu Cey Stensfild isə “Birmingem Siti”yə keçib. 21 yaşlı ingilis futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, ötən mövsüm “Ekseter Siti”də də icarədə olub, “Fulhem”də isə cəmi 8 matça çıxıb, 1 qola imza atıb.
“Fulhem” heyətinə yeni futbolçu da cəlb edib. Premyer Liqa təmsilçisi bu yay elitanı tərk etmiş “Lester Siti”dən sağ cinah müdafiəçisi Timoti Kastanı transfer edib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fulhem” bu transfer üçün 13 milyon avrosundan keçib.
Lesterlilər Kastanı 2020-ci ilin sentyabrında 20,90 milyon avroya tansfer etmişdilər. O, İngiltərə klubunda 112 oyuna 5 qol və 8 assist müəllifi olub. “Atalanta”dan başqa “Genk”də də oynamış belçikalı müdafiəçi ölkəsinin yığmasında da 33 oyuna 2 qol vurub.


