Niderlandın “Ayaks” klubu Ukrayna milli komandasının da üzvü olan müdafiəçisi Aleksandr Zinçenko ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb və o, azad agent statusu alaraq Amsterdam təmsilçisini tərk edib.
Beləliklə, Zinçenko karyerasını davam etdirəcəyi yeni klubu sərbəst şəkildə seçə biləcək.
Təcrübəli futbolçu “Ayaks”a böyük ümidlərlə transfer olunsa da, komandada uzunmüddətli karyera qura bilməyib. O, Amsterdam klubunun heyətində cəmi 2 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Zinçenko peşəkar karyerası ərzində Rusiyanın “Ufa”, İngiltərənin “Mançester Siti” və “Arsenal”, həmçinin Niderlandın “Ayaks” klublarının formasını geyinib. Xüsusilə “Mançester Siti”də keçirdiyi illər onun karyerasının ən uğurlu dövrü hesab olunur. O, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında 4 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə İngiltərə Kubokunun və 4 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
2022-ci ildə “Arsenal”a transfer olunan ukraynalı futbolçu burada da komandanın əsas simalarından birinə çevrilmişdi. Amma sonradan London klubunun azarkeşlərinin gözündən düşən futbolçu karyerasını Niderlandda davam etdirmək qərarına gəlmişdi.
Ukrayna millisinin aparıcı futbolçularından olan Zinçenko 2015-ci ildən yığmanın şərəfini qoruyur. O, milli komandanın heyətində 75 oyun keçirib, 12 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


