Alessio Zerbin “Napoli”ni tərk etdi – “Montsa”ya görə

İtaliya çempionu “Napoli”nin hücumçusu Alessio Zerbin icarə əsasında A Seriyasının digər təmsilçisi “Montsa”ya keçib.

Arena.az bu barədə “Montsa”nın rəsmi saytına istinadən xəbər verir.

İtaliyalı sol vinger bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Alessio Zerbin “İnter”, “Novara”, “Suno”, “Qossano” və “Napoli” futbol məktəblərinin yetirməsidir. O, peşəkar karyerasına da “Qossano”da başlayıb. 2017-ci ildən “Napoli”də olan 24 yaşlı futbolçu Neapol klubunun əsas komandasında cəmi 23 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. “Napoli” Zerbini daha öncə “Viterbese Kastrense”yə, “Çezena”ya, “Pro Verçelli”yə, “Frozinone”yə də icarəyə verib.

Vaxtilə İtaliyanın U-18 yığmasında oynamış Alessio, 2022-ci ilin iyun ayında ölkəsinin əsas millisində də debüt edib.

“Transfermarkt” internet-portalı 24 yaşlı italyan sol vingerin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

“Montsa” Serbiyanın “Partizan” klubunun 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Matiya Popoviçi də heyətinə qatıb. Serb futbolçu ilə müddəti 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Maraqlıdır ki, bu mövsüm başa çatandan sonra Popoviçin azad agent kimi “Napoli”yə keçməsi gözlənilir.

Matiya Popoviç daha öncə “Voyvodina”da da çıxış edib. 2021-ci ildən isə o, “Partizan”da forma geyinirdi. Serbiyanın U-18 yığmasında da oynamış Popoviç yarımmüdafiənin sağında və hücumun sivri ucunda da oynamağı bacarır.

“Transfermarkt” internet-portalı 18 yaşlı serb yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: