Alfonso Dominqes Paris-2024-ü gümüş medalla bitirdi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Olimpiya Oyunlarında sonuncu döyüşünü keçirib.

Arena.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan idmançımız bu gün final qarşılaşmasına çıxıb.

Daha öncə Fransa paytaxtında ardıcıl üç qələbə qazanmış Alfonso həlledici görüşdə Lazizbek Mullojonovla (Özbəkistan) üz-üzə gəlib. Görüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Dominqes Paris-2024-ü gümüş medalla başa vurub.

Bu, onun Olimpiadalarda ikinci mükafatı olub. Boksçumuz Tokio-2020-də 3-cü yeri tutub.

Xatırladaq ki, Alfonso Dominqes həm də dünya çempionatlarının qızıl (2021) və gümüş (2023) mükafatçısıdır.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olmuşdular. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: