“Alkmar” – “Legiya” matçından sonra biabırçı qalmaqal

Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun “Alkmar” – “Legiya” oyunu idmana yaraşmayan biabırçı hadisələrlə müşayiət edilib.

Arena.az məlumat verir ki, ilkin ehtimala görə münaqişəyə səbəb bayraq olub.

Belə ki, hələ oyundan əvvəl yerli asayiş keşikçilərinin qonaq azarkeşlərin bayraqlarını əllərindən almağa cəhd etməsi nəticəsində, Polşa təmsilçisinin azarkeşləri ilə Niderland polisi arasında münaqişə baş verib.

Oyundan sonra vəziyyət yenidən gərginləşib. Asayiş keşikçiləri təhlükəsizlik səbəbilə qonaq azarkeşləri uzun müddət stadionda qapayıblar. “Legiya”nın minimal hesablı məğlubiyyətinə üzülərək daha da hiddətlənmiş qonaq azarkeşlər polisin bu tədbirinə hücumla cavab veriblər. Nəticədə bir polis məmuru huşunu itirib, bəzilərinin isə dəyənəkləri və istiot baloncuqları əllərindən alınıb.

Polis və əlavə təhlükəsizlik xidmətinin qüvvələri AFAS stadionunu mühasirəyə alıblar. “Legiya” nümayəndə heyətinin bir hissəsi bu vaxta qədər artıq avtobusda olub, qalan nümayəndələri isə uzun müddət stadionda saxlanılıblar.
Nəticədə “Legiya”nın futbolçuları, məşqçiləri və əməkdaşları öz avtobuslarına çətinliklə özlərini yetiriblər. Üstəlik, “Legiya”nın prezidenti Dariuş Mioduski polis və təhlükəsizlik xidmətinin əməkdaşlarından kötək yeyib. Bir neçə zərbə zərərçəkənin xüsusən üz nahiyəsindən tutub. Həmçinin polyakların fiziki hazırlıq üzrə məşqçisi də kötəklənib.

Qonaqlar avtobusa çatanda polis “Legiya”nın serb müdafiəçisi Radovan Pankov və portuqal yarımmüdafiəçisi Jozuenin nəqliyyat vasitəsini təkr etməsini tələb edərək, əks-halda avtobusu hücumla hədələyib. Tələb qarşısında futbolçular avtobusdan çıxıblar və saxlanılaraq polis bölməsinə aparılıblar.

Biabırçı vəziyyətə Polşa konsulu müdaxilə etmək məcburiyyətində qalıb. Hazırda “Legiya”nın hüquq şöbəsi məsələni araşdırır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: