Amin Osmanov Avropa birinciliyində 2-ci oldu

Azərbaycanlı atlet Amin Osmanov Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində üç medal qazanıb.

Arena.az xəbər verir ki, 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında təşkil olunmuş ağır atletika üzrə Avropa birinciliyinə iyulun 1-də start verilib.

Ayın 10-na qədər davam edəcək qitə birinciliyinə 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) qatılıb. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu gün körpücük üzərinə çıxan Amin Osmanovun çıxışı uğurlu alınıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib. O, bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Amin Osmanov təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da gümüş medal əldə edib.

Xatırladaq ki, Osmanovdan öncə Azərbaycanın daha iki atleti bu qitə birinciliyində qüvvəsini sınamışdı. Yaşı 15-ə qədər olan oğlanlar arasında 49 kq çəki dərəcəsində mübarizə aparan Murad Həsənli toplam 150 kq (65+85) nəticə göstərib və 7-ci yeri tutub.

Yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparan Nuray Əbilova isə toplam 89 kq (40+49) nəticə göstərib və 8-ci yerlə kifayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: