Ançelotti ilə klub prezidenti arasında fikir ayrılığı

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti “kral klubu”nun prezidenti Florentino Peresin istəklərini yerinə yetirmir.

Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, ötən mövsüm “qaymaqlılar”ın rəhbəri təcrübəli mütəxəssisə mərkəz yarımmüdafiəçiləri – alman Toni Kroosu və xorvat Luka Modriçi əsas heyətdə birlikdə oynatmamağı dəfələrlə tövsiyə edib.

Mənbənin məlumatına görə, mövsümlərarası yay fasiləsindən sonra adı çəkilən futbolçuların komandada rolu azalmalı idi. Vurğulanır ki, Florentino Peresin fikri “Real”ın gənc futbolçuları Eduardo Kamavinqanın, Orelyen Tçuameninin və Cud Bellingemin mümkün qədər çox oyun vaxtı əldə etməsini təmin etməkdir.

Xatırladaq ki, Ançelotti Modriçi və Kroosu La Liqanın 6-cı tur çərçivəsində “Atletiko”ya qarşı səfər derbisində əsas heyətdə birlikdə meydana buraxıb. “Real” bu oyunda gözlənilmədən 1:3 hesabı ilə məğlub olaraq turnir cədvəlində liderliyini əldən verib.
Hazırda madridlilər 15 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar. 16 xal toplamış Kataloniya təmsilçiləri “Barselona” və “Jirona” isə müvaviq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər.

Bir müddət əvvəl Modriç və Kroos komandada oyun vaxtının azlığından şikayətlənərək, meydanda daha çox olmaq istəklərinii aşkar bəyan etmişdilər. Futbolçular bildiriblər ki, hər ikisi karyerasına “Real”da xitam vermək istəyində ikən, müvafiq münasibəti anlamırlar. Modriçə hətta MLS-dən (ABŞ) təklif gəlib və xorvat yarımmüdafiəçinin gələn ilin yanvarında “Real”ı tərk edəcəyi haqda şayiələr dolaşır.

Xəbəri sosial şəbəkələrdə paylaş: