“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 26-cı turunda “qaymaqlılar”ın evdə “Sevilya” üzərində qələbəsini (1:0) şərh edib.
Arena.az bu “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyun əla keçdi, tarazlı və bacarıqlı oyun nümayiş etdirdik. Bellingem və Xoselu kimi hücumameyilli oyunçuların itirilməsi ilə bağlı təxmin edilə bilən fəsadlarımız vardı. Bunu nəzərə alaraq, biz üç xala layiq idik və mən əla çıxışımızdan çox razıyam”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, “Real”ın qələbə qolunu son vaxtlar mövsümün sonunda “kral klubu”ndan ayrılacağı haqda şayiələr dolaşan xorvat yarımmüdafiəçi Luka Modriç vurub. Modriç oyunun 75-ci dəqiqəsində meydana daxil olub və 81-ci dəqiqədə “Real”ın qələbə qoluna imza atıb.
Karlo Ançelotti bu barədə də öz fikrini bildirib:
“Modriçin qolunu bayram etdik, o, buna layiq idi. O, meydana çıxaraq möhtəşəm qol vurdu və qələbəyə ciddi töhfəsini verdi. Onu ehtiyat oyunçular skamyasında saxlamaq çox çətindir, o, hər gün bütün komandaya nümunə göstərir. Gələcəyi ondan, gələn mövsüm nə etmək istədiyindən asılıdır. Bizə yalnız onun qərarını gözləmək qalır”, deyə italyan mütəxəssis bildirib.
Hazırda “Real” 26 oyundan 65 xalla La Liqanın turnir cədvəlinin lideridir. “Sevilya” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.


