Ançelotti “Real”da Zidanın nailiyyətini üstələdi

Madrid “Real”ının italyan baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın sükanı arxasında 173-cü qələbəsini qazanıb.

Arena.az “kral klubu”nun rəsmi saytına istinadən məlumat verir ki, təcrübəli mütəxəssis bu göstərici üzrə “Real”ın sabiq baş məşqçisi, fransalı Zinədin Zidanı ötüb.

Əlamətdar hadisə La Liqanın 5-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da “Real Sosyedad”a qarşı oyunda (2:1) gerçəkləşib.

Xatırladaq ki, ötən turda Ançelotti “qaymaqlılar”a “Xetafe” üzərində qələbə qazandırmaqla, “Real”ın sükanı arxasında qazandığı qələbələrin sayına (172) görə Zidanla bərabərləşmişdi.

“Real”la qələbələrin sayına görə mütləq rekordçu isə İspaniya nəhəngini 1959-cu və 1960-1974-cü illərdə çalışdırmış əfsanəvi ispan mütəxəssis Migel Munyozdur. Munyoz “Real”la 357 oyunda qələbə qazanıb.

Əvvəlki 4 turda “Real” Bilbao “Atletik”i (2:0), “Almeriya” (3:1), “Selta” (1:0) və “Xetafe” (2:1) üzərində qələbə qazanmışdı.

5 turdan sonra 15 xal toplamış “Real” La Liqanın turnir cədvəlinin vahid lideridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: