İngiltərə nəhəngi “Mançester Yunayted”in 29 yaşlı kamerunlu əsas qapıçısı Andre Onana müstəsna antirekordun sahibi olub.
Arena.az məlumat verir ki, Onana Avropa Liqasınnı final oyununda “Tottenhem”ə 0:1 hesablı məğlubiyyətdən sonra, avrokuboklar tarixində üç müxtəlif klubla üç məğlubiyyət yaşamış ilk oyunçu olub.
Daha əvvəl Onana 2022/2023-cü illər mövsümünün Çempionlar Liqasının finalında “İnter”lə “Mançester Siti”yə (0:1) və 2016/2017-ci illər mövsümünün Avropa Liqasının finalında “Ayaks”la “Mançester Yunayted”ə (0:2) məğlub olmuşdu.
Andre Onana “Samuel Eto’O Futbol Akademiyası”nın yetirməsidir. Ardınca kamerunlu qapıçı “Barselona”nın akademiyasına keçib. Buradan “Ayaks”a yol tapmış Onana oyunu ilə diqqət çəkib və “İnter”in maraq dairəsinə düşərək “neradzurri”nin heyətinə transfer edilib. Kamerunlu qapıçı 2022/2023-cü illər mövsümündə “İnter”də yüksək səviyyədə çıxışı ilə diqqət çəkib.
“Mançester Yunayted” ispan qapıçı David De Xea ilə yollarını ayırmaq qərarına gəlincə, Andre Onananın transferinə çalışıb. “Qırmızı şeytanlar” 2023-cü ilin iyul ayında buna nail ola biliblər və Onana 50,2 milyon avro məbləğ müqabilində “İnter”dən Mançester klubuna keçib. Kamerunlu qapıçı “qırmızı şeytanlar”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədə olacaq müqavilə imzalayıb.
Onana cari mövsümündə “Mançester Yunayted”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 65 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.
Onananın “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi 101 oyun, 148 buraxılmış qol və 24 quru oyundan ibarətdir.
Andre Onana 2016-cı ilin sentyabr ayında debüt etdiyi Kamerun yığmasının heyətində 48 oyun keçirib, 38 qol buraxıb, 21 oyunda qapısının toxunulmazlığını təmin edib.
Andre Onana böyük futbolda “Ayaks” və “İnter”lə qənimətlər qazanıb. Kamerunlu qapıçı “Ayaks”la 3 dəfə Niderland çempinluğuna, 2 dəfə Niderland Kubokuna, 1 dəfə Niderland Super Kubokuna sahib olub. “İnter”lə isə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi, həmçinin ötən mövsüm Çempionlar Liqasının finalçısı olub. “Mançester Yunayted”lə isə Onana İngiltərə Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı kamerunlu qapıçının transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


