Andre Onana rəsmən “Mançester Yunayted”də!

Futbol üzrə Kamerun yığmasının qapıçısı Andre Onana Milan “İnter”indən İngiltərə nəhəngi “Mançester Yunayted”ə keçib.

Arena.az bu barədə “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir.

Onana “qırmızı şeytanlar”la 5+1 illik müqaviləyə imza atıb. “Mançester Yunayted” onun transferi üçün “İnter”ə 52.5 milyon avro ödəyəcək.

Onana 2022-ci ilin yayından “neradzurri”nin heyətində çıxış edirdi. O, “İnter”ə ötən yay “Ayaks”dan azad agent kimi keçmişdi. 2022/2023 mövsümündə Onana “İnter”in heyətində 41 oyuna çıxıb, 36 qol buraxıb, 19 oyunda qapısının toxunulmazlığını qoruyub.

Onana “İnter”lə İtaliya Kubokunu, İtaliya Super Kubokunu qazanıb, A Seriyasının bürünc medalına sahib olub. Kamerunlu qapıçı “İnter”lə Çempionlar Liqasının finalına yüksəlsə də, burada “Mançester Siti”yə minimal hesabla məğlub olaraq, gümüşlə kifayətlənib.

“Barselona”nın yetirməsi olan Onana uzun illər “Ayaks”da forma geyinib. O, Niderland nəhəngində 214 oyun keçirib, 192 qol buraxıb, 85 “quru” matçı olub.

Onana Kamerun milli komandasına da dəvət alır. O, yığmada 34 oyun keçirib, 29 qol buraxıb. Təcrübəli qolkiperin hesabında 14 “quru” matç da var.

Yeri gəlmişkən, “İnter” yarımmüdafiəçisi Qaetano Oristanionu da “Kalyari”yə icarəyə verib. 20 yaşlı italyan futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Milan klubunun öz yetirməsi olan Oristanio son iki mövsümdə “Volendam”da icarədə olub. O, “İnter”in əsas komandasında debüt şansı qazanmayıb. Qaetano İtaliyanın U-17, U-18, U-20 və U-21 yığmalarında oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: