İtaliyanın “Yuventus” klubunun sabiq prezidenti Andrea Anyelli futboldan uzaqlaşdırılıb.
Arena.az bu barədə İtaliya Milli Mətbuat Agentliyinə (ANSA) istinadən məlumat verir.
Futbolçuların maaşları ilə bağlı fırıldaqçılıq işinə görə məhkəmə Andera Anyellini daha 16 ay müddətinə futboldan uzaqlaşdırıb. Sabiq prezidentə həmçinin 60 min avro məbləğində cərimə kəsilib.
Prokuror “Yuventus”un sabiq prezidenti Andrea Anyellinin futboldan 20 aylığa uzaqlaşdırılmasını istəyib, lakin vəkillər cəzanın azacıq azaldılmasına nail ola biliblər.
Xatırladaq ki, cari ilin yanvar ayında İtaliya Federal Apellyasiya Məhkəməsi “Yuventus”un keçmiş rəhbərliyi barəsində müvafiq hökm çıxarmışdı. Komandanın keçmiş direktoru Fabio Paratiçi iki il yarım müddətinə, sabiq prezident Andrea Anyelli və idarə heyətinin üzvü Maurisio Arrivabene iki il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdılar. “Qoca sinyora”nın sabiq direktorları – Federiko Kerubini və Pavel Nedved müvafiq olaraq bir il dörd ay və səkkiz ay müddətinə vəzifələrindən uzaqlaşdırılıblar.
Vurğulayaq ki, “Yuventus”un adı əvvəllər də qara-qura işlərdə hallanıb. Bir böyük kluba yaraşmayan çirkin işlərdə iştirakı Turin təmsilçisinin tarixində qara ləkə kimi qalıb. Yaxın keçmişə aid müvafiq işlərdə çirkaba bulaşmış “Yuventus”un çempionluğu ləğv edilməklə yanaşı, komanda 2006/2007 mövsümündə B Seriyasına da göndərilib.


