Andrey Şevçenko Rafael Leaonun zəif cəhətini açıqladı

“Milan”ın ukraynalı sabiq hücumçusu Andrey Şevçenko İtaliya klubunun portuqal vingeri Rafael Leao haqqında fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, hazırda Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti olan Andrey Şevçenko “Milan” və onun istedadlı futbolçusu Leao haqqında bunları dilə gətirib:

“Milan”a böyük uğur gətirən məşqçi Stefano Pioli öz hekayəsini yazdı. Bu il rəqabətli olmağa çalışdılar, amma “İnter” əla mövsüm keçirdi.

Rafael Leao böyük istedaddır. Mövsüm boyu sabitlikdən məhrumdur. Amma onun oyunu şəxsiyyəti və çempionlar kimi komandanı çiyinlərində daşımaq istəyi ilə birlikdə təkmilləşməlidir. O, “Milan” üçün tarix yazmağa davam etmək üçün əla yoldadır”, deyə “Şeva” vurğulayıb.

Xatırladaq ki, Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 205 oyuna çıxıb, 56 qol vurub, 49 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün bütün yarışlarda 42 oyun keçirib, 13 qol vurub, 13 məhsuldar ötürmə verib.

Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 24 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: