Angelos Postekoqlu 40 gün sonra qovuldu

İngiltərənin “Nottingem Forest” komandasının baş məşqçisi, yunan əsilli avstraliyalı mütəxəssis Angelos Postekoqlu istefaya göndərilib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Postekoqlu bir sıra məyusedici nəticələrdən sonra dərhal vəzifəsindən azad edilib. Onunla müqaviləyə birtərəfli qaydada xitam verilib.

“Nottingem Forest” bu gün İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda “Çelsi”yə 0:3 hesabı ilə uduzaraq bütün yarışlardakı qələbəsiz seriyasını 10 matça çatdırıb. Komanda hazırda 5 xalla Premyer Liqanın turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Məhz bu darmadağından sonra klub rəhbərliyi Postekoqlunu qovmağa qərar verib.

Xatırladaq ki, 60 yaşlı mütəxəssis sentyabrın 8-də “Nottingem Forest”in baş məşqçisi təyin edilmişdi. O, “meşəçilər”i cəmi 8 oyuna çıxarıb və qələbə üzünə həsrət qalıb – 2 heç-heçə, 6 məğlubiyyət!

Postekoqlu “Nottingem Forest”də 100 ilin antirekorduna imza atıb. O, 100 il ərzində bu kollektivdə ilk 6 görüşündə qalib gələ bilməyən yeganə baş məşqçi olub.

Avstraliyalı mütəxəssis əvvəllər Avstraliyanın U-17, U-20 millilərinə, həmçinin əsas yığmaya rəhbərlik edib. Yunan əsilli məşqçi “Cənubi Melburn”, “Panaxaiki”, “Bransuik Yuventus”, “Brisben Roar”, “Yokohama”, “Melburn Viktori” kimi klublarda da çalışıb. O, “Cənubi Melburn” və “Brisben Roar”la Avstraliya Çempionatının qalibi olub.

Postekoqlu İngiltərədə “Tottenhem”i də çalışdırıb. 2024/25-ci illər mövsümündə londonlular onun rəhbərliyi altında Avropa Liqasının qalibi olublar.

Xəbəri sosial şəbəkələrdə paylaş: