Azərbaycanı Parisdəki Yay Olimpiya Oyunlarında çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.
Arena.az xəbər verir ki, atletika yarışlarında Azərbaycanın yeganə təmsilçisi olan xanım idmançımız mükafatlar uğrunda yarışıb.
Təsnifat mərhələsində 72,55 metr nəticə ilə 6-cı olan çəkicatanımız həlledici raundda qüvvəsini sınayıb. 12 atletin qatıldığı final mərhələsində ən yaxşı göstəricisi 73,27 metr olan Skidan “səkkizliy”yə yüksəlib. Mövsümdə ən yaxşı nəticəsini müəyyənləşdirən milli üzvü bu mərhələni 6-cı yerdə bitirib.
Anna medal uğrunda mübarizədə göstəricisini yaxşılaşdırıb – 73,66. Lakin bu nəticə onun Olimpiadanı 7-ci yerdə bitirməsi ilə yekunlaşıb.
Yarışın qalibi kanadalı Kemrin Rocers olub. O, 76,97 metr göstərici ilə hamını qabaqlayıb.
Qeyd edək ki, özünün üçüncü Olimpiadasına qatılan Anna Skidan Rio-2016 və Tokio-2020-də final mərhələsinə adlaya bilməmişdi.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.