Anri: “Flik “Barselona”da Xavinin başladığı işi davam etdirir”

“Barselona”nın fransalı keçmiş hücumçusu Tyerri Anri İspaniya nəhənginin cari mövsümdəki uğurlu çıxışı barədə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında “Srvena Zvezda” üzərində qazanılmış qələbədən (5:2) sonra “blauqrana”nın çıxışına belə şərh verib:

“Məncə, Hansi Flik “Barselona”da yeni era başlatmayıb… Bunu Xavi edib. Flik Xavinin başladığı işi davam etdirir. Kubarsiyə, Laminə fürsət vermiş, çoxlu gənc oyunçuları yetişdirmiş kəs Xavi idi”, deyə Anri “Barselona”nın cari mövsümdəki uğurlarının heç də alman mütəxəssislə bağlı olmadığını iddia edib.

Xatırladaq ki, Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 16 oyuna 14 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 55:16 nisbətindədir.

Alman mütəxəssisin çalışdırdığı kollektiv 33 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. UEFA Çempionlar Liqasında isə “Barselona” 9 xalla Liqa mərhələsinin yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.

Hans-Diter Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. O, 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: