“Antalyaspor” iki yeni oyunçu gətirib, ikisi ilə vidalaşdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” yeni mövsüm öncəsi heyətinə daha iki yeni oyunçu cəlb edib.

Arena.az xəbər verir ki, Antalya təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubundan Yakub Kaluzinskini, “Sivasspor”dan isə Ərdoğan Yeşilyurtu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı Ərdoğanla 3, 20 yaşlı Yakubla 3+1 illik müqavilə imzalanıb.

Kaluzinski “Lexiya”nın öz yetirməsidir. Gənc yarımmüdafiəçi 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, burada 67 oyuna 3 qol və 5 assist müəllifi olub. Yarımmüdafiəçi hazırda Polşanın U-21 yığmasına da dəvət alır.

Ərdoğan Yeşilyurt isə 2018-ci ildən “Sivasspor”da forma geyinirdi. Almaniya vətəndaşı olan türk əsilli futbolçu Sivas klubunda meydana çıxdığı 168 oyunda 16 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli vinger karyerası ərzində “Altınordu”, “Bonner”, “Ayntraxt” (Trir), “Duysburq”, “Arminiya” (Bilefeld) kimi klubların da formasını geyinib.

“Antalyaspor” yarımmüdafiəçisi Shoya Nakajima və qapıçısı Alperen Uysalla da yollarını ayırıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Həm Nakajima, həm də Uysal Antalya klubuna ötən yay transfer olunmuşdu. Alperen bu komandada 12 oyuna çıxıb, 15 qol buraxıb, 2 “quru” matçı olub. Nakajima isə meydana çıxdığı 16 oyunda heç bir məhsuldar göstərici ilə diqqət mərkəzinə düşməyib.

Yaponiya yığmasının da üzvü olan 28 yaşlı Nakajimanın karyerasını harada davam etdirəcəyi hələ bilinmir. O, azad agent kimi gələn təklifləri dəyərləndirir. Uysal isə “Manisa”ya transfer olunub. 29 yaşlı qolkiperin aşağı liqa klubu ilə müqaviləsinin müddəti açıqlanmır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: