İtaliyalı futbol mütəxəssisi Antonio Konte A Seriyasında mübarizə aparan “Napoli” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Konte ilə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda Françesko Kaltsonanı əvəz edib. Hansı ki, italiyalı mütəxəssis 2024-cü ilin fevralından müvəqqəti olaraq bu posta təyinat almışdı. Kaltsona eyni zamanda Slovakiya yığma komandasının baş məşqçisidir. Bu üzdən də o, 2022-ci ilin iyulundan rəhbərlik etdiyi sözügedən millidəki işinə köklənəcək.
Xatırladaq ki, Antonio Konte son olaraq İngiltərənin “Tottenhem” komandasında baş məşqçi işləyib. O, 2023-cü ilin martında “Tottenhem”dən qarşılıqlı razılaşma əsasında ayrılandan bəri, işsiz idi.
Konte məşqçilik karyerası ərzində “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” kimi komandalara da rəhbərlik edib. O, bir müddət İtaliya millisinin də baş məşqçisi olub.
Konte “Yuventus”la 3 (2011/2012, 2012/2013, 2013/2014), “İnter”lə 1 dəfə (2020/2021) İtaliya çempionu olub. 54 yaşlı mütəxəssis “Çelsi”ni də (2016/1017) İngiltərə çempionu edib. Kontenin uğurları arasında 2013/2014 mövsümünün İtaliya Super Kuboku (“Yuventus”la) və 2017/2018 mövsümünün İngiltərə Kuboku (“Çelsi”) da var.
Qeyd edək ki, “Napoli” İtaliya A Seriyasında 2023/2024 mövsümünü 53 xalla 20 iştirakçı arasında 10-cu pillədə başa vurub. Neapol təmsilçisi gələn mövsüm avrokuboklarda da iştirak edə bilməyəcək. 2022/2023 mövsümünü İtaliya çempionu kimi başa vurmuş Neapol təmsilçisi geridə qalmış mövsümdə çox uğursuz çıxışı ilə diqqət çəkdi. Mövsümə Rudi Qarsiyanın rəhbərliyi altında başlamış “Napoli” mövsümün gedişində onu Valter Massariylə, Massarini isə Françesko Kaltsona ilə əvəzləmişdi. Lakin bu təyinatların heç biri komandada uğursuz gedişata son qoymamışdı.



