Madrid “Real”ının mərkəz müdafiəçisi Antonio Rüdiger Almaniya milli komandasındakı karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Rüdiger qərarını belə izah edib:
“Bir müddət düşündükdən sonra milli komandadakı karyeramı başa vurmaq və gənc nəslə yol açmaq vaxtının gəldiyini hiss etdim. 2014-cü ildə ilk dəfə milli komandanın formasını geyinəndə bunun 86 oyuna qədər davam edəcəyini xəyal belə edə bilməzdim. Son böyük turnirlərdə titul qazana bilməsək və ağrılı məğlubiyyətlər yaşasaq da, bu dövr mənim həyatımın xüsusi bir fəslinə çevrildi”.
Rüdiger Almaniya millisində 86 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2017-ci ildə Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi olub.
33 yaşlı müdafiəçi 2022-ci ildən “Real”da çıxış edir. O, Madrid klubunun heyətində bir dəfə İspaniya çempionu, İspaniya Kubokunun və İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, həmçinin Klublararası Dünya Kubokunun qalibi olub.
Antonio Rüdiger daha əvvəl İtaliyanın “Roma” və İngiltərənin “Çelsi” klublarında çıxış edib. Təcrübəli müdafiəçi “Çelsi” ilə İngiltərə Kubokunu, UEFA Çempionlar Liqasını və Avropa Liqasını qazanıb.


