Transfer çalışmalarını davam etdirən Azərbaycan Premyer Liqasının yeni komandası “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.
Arena.az xəbər verir ki, ötən mövsüm 27 qolla Birinci Divizionun bombardiri olmuş Orxan Əliyevlə müqavilə yenilənib.
Komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə də yeni müqavilə imzalanıb.
Klubdan verilən məlumata görə, “Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə Naxçıvan komandasının formasını geyinəcək. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə müqavilə imzalandığını açıqlamışdı. Bunlar qapıçı Semir Bukviç, yarımmüdafiəçilər Nuno Rodriqes və Vanderson Kvalkante Melodur. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.


